Dekabrın 2-də Heydər Əliyev Mərkəzində əməkdar rəssam Sakit Məmmədovun “Rənglər aləmində” adlı fərdi sərgisi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdikləri sərgi Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndələrindən olan S.Məmmədovun 55 illik yubileyinə həsr edilib.
Sərginin açılış mərasimində Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxış edərək rəssamın zəngin yaradıcılığından, Azərbaycan incəsənətinə verdiyi töhfələrdən danışıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor, memarlıq doktoru, əməkdar memar Gülçöhrə Məmmədova, Türkiyənin Yeddi Təpə Universitetinin müəllimi, rəssam Rəfiq Əziz, xalq rəssamı Səlhab Məmmədov və başqaları S.Məmmədovun yaradıcılıq xüsusiyyətlərindən söz açıblar.
Açılış mərasimində S.Məmmədova UNESCO-nun və Türkiyənin Yeddi Təpə Universitetinin mükafatları təqdim edilib.
Dekabrın 13-dək davam edəcək sərgidə rəssamın 55 rəngkarlıq əsəri nümayiş olunur.