2013-cü ilin 10 ayı ərzində Azərbaycan ilə Rusiya arasında qarşılıqlı ticarət dövriyyəsi 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 22% artıb. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda Tatarıstanın baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovu qəbul edib.
Görüşdə Ş.Mustafayev Azərbaycanın Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında əlaqələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla davam edir və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir.
Məlumatda Ş.Mustafayevə istinadən qeyd edilir ki, ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılıb, indiyədək 160-dan çox, o cümlədən iqtisadi sahədə 30-dan artıq sənəd imzalanıb. Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın indiyədək 13 iclası keçirilib.
Ş.Mustafayev vurğulayıb ki, Rusiya Azərbaycanın qeyri-neft sektoru sahəsində başlıca ticarət tərəfdaşlarındandır. Bu gün Azərbaycan Rusiyanın 83 federal subyektindən 72-si ilə, həmçinin Tatarıstan Respublikası ilə uğurlu əməkdaşlıq edir. Son 3 ildə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında 13 biznes forum keçirilib.
“İqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət əlaqələrinin inkişafı, sənaye parkları sahəsində təcrübə mübadiləsi, biznes forum və sərgilərin təşkili sahəsində əməkdaşlıq üçün geniş imkanlar var”, - deyə Ş.Mustafayev diqqətə çatdırıb.
R.Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
O, dekabrın 4-də keçiriləcək Azərbaycan-Tatarıstan işgüzar görüşünün iş adamları arasında əlaqələrin qurulmasında və mövcud əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb.