Azərbaycan Tatarıstanla iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafında əməkdaşlıqda maraqlıdır. Bu barədə iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Tatarıstan işgüzar görüşündə bəyan edib.
“Azərbaycan RF və federal subyektlərlə ikitərəfli münasibətlərin inkişafı üçün öz iqtisadi potensialından istifadə etməyə hazırdır. Tatarıstan nümayəndə heyəti ilə dünən keçirilən görüşlər bizim ikitərəfli əməkdaşlığı genişləndirmək niyyətimizi təsdiq edir. İki respublikanın potensialını və ümumi maraqlarını nəzərə alaraq onları birgə layihələrin həyata keçirilməsi üçün istifadə etmək olar”, - deyə N.Səfərov bildirib.
Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı Azərbaycan üçün prioritet təşkil edir.
Nazir müavini əlavə edib ki, Tatarıstan üçün də iqtisadiyyatın qeyri-neft sahələrinin, xüsusilə kimya sənayesi, maşınqayırma və aqrar sahələrin inkişafı prioritetdir.
“Azərbaycan bir çox infrastruktur layihələr həyata keçirir. Bizdə 4 sənaye mərkəzi yaradılıb. Bundan başqa, ölkə rəhbərliyinin qərarı ilə Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Tatarıstanda kimya sahəsi inkişaf edir, bu səbəbdən qeyd olunan sahədə əməkdaşlıq üçün potensial imkanlar mövcuddur. Tatarıstan azad iqtisadi zona və texniki parkların yaradılmasında da böyük təcrübəyə malikdir”, - deyə N.Səfərov qeyd edib.
Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini İldar Minqaleyev vurğulayıb ki, 2012-ci ildə Tatarıstanla Azərbaycan arasında mal dövriyyəsi $255 mln. təşkil edib.
“Azərbaycana maşınqayırma, kimya, yüngül və qida sənayesi, kənd təsərrüfatı məhsullarının tədarükünün genişləndirilməsi məsələləri bizim üçün əməkdaşlığın perspektiv istiqamətləridir”, - deyə o vurğulayıb.