Monteneqronun Azərbaycandakı səfiri Ramo Braliç ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edir.
“Monteneqro və Azərbaycan iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində inkişaf etmiş münasibətlərə malikdir. Azərbaycan Monteneqronun müstəqilliyini tanımış ilk ölkələrdən biri olub”, - deyə R.Braliç ölkəsinin Bakıda fəxri konsulluğunun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Monteneqro hökumətləri strateji əməkdaşlığa dair saziş imzalayıblar ki, bu da gələcəkdə əməkdaşlığın möhkəmlənməsi üçün yaxşı zəmin yaradır.
“Bakıda açdığımız konsulluğun binası Monteneqronun Azərbaycanda evi sayılacaq və dostluq münasibətlərinin inkişafına xidmət edəcək. Cənab Vüqar Əliyev bizim hökumətimiz tərəfindən fəxri konsul olaraq təqdim edilib və Azərbaycan tərəfi onun namizədliyini müsbət qiymətləndirərək qəbul edib”, - deyə diplomat bildirib.
“Monteneqronun hər bir vətəndaşının ürəyində Azərbaycanın özünəməxsus yeri var. Azərbaycan Podqoritsada parkın tikintisinə və yeniqdən qurulmasına böyük dəstək göstərib. Bu parkda Azərbaycanın böyük şairi Hüseyn Cavidə abidə qoyulub. Bundan başqa, Bielopolda Azərbaycan dövlətinin dəstəyi ilə uşaq bağçası tikilərək istifadəyə verilib”, - deyə o əlavə edib.
Diplomat söyləyib ki, iki ölkənin mədəniyyət xadimləri öz aralarında sıx əməkdaşlıq edir və qarşılıqlı səfərlər həyata keçirilir.
Turizm sahəsində əməkdaşlığa toxunan R.Braliç deyib: “Ötən il 1,5 min turist Monteneqroya səfər edib və ölkələrimiz arasındakı mədəni və iqtisadi münasibətlərin canlı şahidi olublar. Ölkəmizdə turizm kompleksinin tikintisi nəzərdə tutulub ki, bu layihənin də əsas investoru Azərbaycandır”, - deyə səfir vurğulayıb.
“İnterfaks-Azərbaycan” agentliyinin əməkdaşlığın prioritet istiqamətlərinə dair sualını cavablandıran R.Braliç söyləyib ki, əməkdaşlığın lokomotivi iqtisadiyyat sahəsi olacaq.
“Biz Vüqar Əliyevlə bu məsələ üzərində işləyəcəyik və əsas tələbatın hansı sahədə müşahidə olunduğnu müəyyənləşdirəcəyik. Sözsüz ki, iqtisadiyyatın aparıcı sahələri əməkdaşlığımızda prioritet olacaq”,- deyə səfir bildirib.