Hesablama Palatası “Aqrolizinq”ASC-nin regional strukturlarında yoxlama aparacaq. Bu barədə Hesablama Palatasının saytında məlumat verilir.
Hesablama Palatasının Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin struktur bölmələri (Şəki regional logistik bazası və Şəki rayon aqroservis filialı) tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalara dair Audit proqramları təsdiq olunub.
Bundan başqa, Abşeron rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya xəstəxanasına ayrılan dövlət büdcəsi vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə ayrılan dövlət büdcəsi vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit aparılacaq.