SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) prezidenti Rövnəq Abdullayev benzinin qiymətinin qalxmasını normal hesab edir.
“Mən yeddi ildən sonra benzinin qiymətinin qalxmasını normal hesab edirəm. Bu artım məhsulun maya dəyəri ilə bağlı deyil”, - deyə ATV telekanalı R.Abdullayevə istinadən bildirib.
Onun sözlərinə görə, büdcəyə əlavə daxilolmalar (benzinin qiymətinin qalxması hesabına - İF-Az) sosial proqramların maliyyələşdirilməsi imkanlarını genişləndirəcək. Bundan əlavə, SOCAR sosial proqramların həyata keçirilməsini davam etdirəcək.
R.Abdullayev qeyd edib ki, 95-98 oktan benzin dünya qiymətinə olmalıdır. “Dövlət dizeli və 92 oktan benzini subsidiya edir, bunu başa düşdük, bəs niyə bahalı maşınlarda istifadə edilən benzini subsidiya etməlidir? Biz 92 oktan benzinin rəngini dəyişdirdik ki, əliəyri adamlar 92 oktan benzini 95 oktan benzinə qarışdıra bilməsinlər”, - deyə şirkət rəhbəri bildirib.
R.Abdullayev əlavə edib ki, SOCAR neft məhsullarının əsas növlərinin keyfiyyətinin Avropa standartlarına uyğun olması üzrə işləri davam etdirir.
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarı ilə dekabrın 3-dən Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,8 manat (əvvəllər 0,6 manat), Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,7 manat (əvvəllər 0,55 manat), dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 0,6 manat (əvvəllər 0,45 manat) müəyyən edilib.