Braziliyanın Rio de Janeyro Şəhər Şurasının Xarici Əlaqələr Komitəsi Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul edib. Azərbaycanın Braziliyadakı səfirliyindən verilən məlumata görə, 4 dekabr tarixində qüvvəyə minən bu qanunu Rio de Janeyronun meri Eduardu Paes imzalayıb.
Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio de Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana rəğbət müşahidə olunur. Bundan başqa, Rio de Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığını və hər il minlərlə turist qəbul etdiyi vurğulanır.
Qanunun müəllifləri, həmçinin qeyd ediblər ki, gələcək illərdə Bakı şəhəri mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaq.
Məlumatda bildirilir ki, yaxın zamanda Rio de Janeyro Şəhər Şurası qardaşlaşma şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcək.