Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün mehmanxana tipli yataqxana kompleksi tikilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna universitetin tələbə şəhərciyinin direktoru Hüseyn Vəliyev məlumat verib.
“Yataqxananın ümumi ərazisi 20 hektardır. 5 korpusdan, 7 mərtəbədən ibarət olacaq yataqxana 520 tələbə üçün nəzərdə tutulub. 2 korpusun 3 mərtəbəsində, 3 korpusun isə 1 mərtəbəsində işlər yekunlaşıb”, – deyə o bildirib.
Yataqxanada işlər may ayında başlayıb və yeni dərs ilinə kimi təhvil verilməsi planlaşdırılır.
“Burada bufet, idman kompleksi və çimərlik hovuzu da olacaq. Universitetin 5 min tələbəsi var və yataqxana bizim tələbatımızı ödəyəcək”, – deyə tələbə şəhərciyinin direktoru qeyd edib.
Azərbaycan Dövlət Aqrar Universtetinin 6 yataqxanası olsa da, onlardan yalnız birində tələbələr yaşayır. Digər 5-də isə məcburi köçkünlər məskunlaşıb.