Avropa Parlamentinin Avstriyadan olan üzvləri Karen Kadenbadiç və Sacad Karim Xocalı soyqırımını pisləyib və onu bütün dünyada sülh və sabitliyi pozan cinayət adlandırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İslam Konfransı Gənclər Forumunun (İKGF) mətbuat xidmətindən məlumat verilib.
“Xocalıya Ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində “Etnik təmizləmə və insanlıq əleyhinə törədilmiş cinayətdən sonra cəzasızlıq və məsuliyyət” adlı beynəlxalq konfransda məruzəçilər Jean Mukimbiri, Mark Barvick, Özbil Bıyıklı, Vüsal Qurbanov və Amir Foratan Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının vacibliyini qeyd ediblər.
Xocalı soyqırımına Ruanda, Srebrenisa və Sudanda törədilmiş soyqırımlar kimi beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinin vacibliyi vurğulanıb.
Müzakirələr zamanı səsləndirilmiş fikirlər sistemləşdirilərək birgə bəyannamə şəklində imzalanaraq beynəlxalq təşkilatlara təqdim edilib.
Tədbir Azərbaycan prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İslam Konfransı Gənclər Forumu və EMİSCO beynəlxalq təşkilatı tərəfindən təşkil edilib.