Prezident İlham Əliyev cümə günü Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zumaya sabiq prezident və görkəmli dövlət xadimi Nelson Mandelanın vəfatı ilə əlaqdar başsağlığı məktubu göndərib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Cənubi Afrika Respublikasının keçmiş prezidenti, xalqınızın böyük oğlu, görkəmli dövlət xadimi, lider, aparteidə və rasizmə qarşı mübarizənin qəhrəmanı, Nobel mükafatı laureatı Nelson Mandelanın vəfatı xəbərindən son dərəcə kədərləndim.
Nelson Mandela Cənubi Afrika Respublikasının inkişafı, xalqının rifahının yüksəlməsi və ölkədə ədalətli cəmiyyətin qurulması istiqamətində böyük işlər görmüşdür. Nelson Mandelanın əziz xatirəsi doğma vətənində və onun hüdudlarından kənarda milyonların yaddaşında əbədi yaşayacaq. Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Cənubi Afrika Respublikasının xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”,- deyə məktubda qeyd olunur.