Gəncə şəhərinin bələdiyyə xəritəsi hazırlanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Gəncənin bələdiyyə xəritəsi olmayıb. Prezidentin müvafiq tapşırığından sonra biz 1:25000 miqyasında bələdiyyə xəritəsini işləyib Gəncə şəhər İcra Hakimiyyətinə vermişik. Hesab edirəm ki, bundan sonra bələdiyyə ilə bağlı problem yaşanmayacaq”, – deyə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov Gəncədə qərb bölgəsinin vətəndaşları ilə görüşərkən bildirib.
Son 2 ayda Gəncədə 2-ci dəfə vətəndaşları qəbul edən Q.Məmmədovun sözlərinə görə, ilk qəbulda ərizə şikayətlərin sayı daha çox idi və onlar əsasən həll edilib.
“Müraciətlərin əsasını torpaqların qeydiyyata alınması, mübahisəli ərazilər, həyətyanı torpaq sahələrinin özəlləşdirilməsi, Rusiya və digər xarici ölkələrdə yaşayan şəxslərin torpaq islahatları zamanı adlarının yerli aqrar islahat komissiyası tərəfindən siyahıya alınmaması təşkil edib”, - deyən komitə sədri müraciətlərin nəzarətə götürülərək həll olunacağını qeyd edib.
Qəbul zamanı bəzi vətəndaşlara onların mülkiyyətində olan torpaqların sənədləri də təqdim olunub.