Əhalinin ekoloji maarifləndirilməsinə hər zaman böyük önəm verən “Təmiz Şəhər” ASC tərəfindən İKT ili elan edilmiş 2013-cü il ərzində onlayn maarifləndirmə layihələrinə geniş diqqət ayrılmışdır.
6 dekabr 2013-cü il tarixində “Təmiz Şəhər” ASC-nin rəsmi internet saytının - www.tamizshahar.az yenilənmiş versiyasının və tullantıların azaldılmasına yönəldilmiş yeni saytın təqdimatı keçirilmişdir. Tədbirdə İqtisadiyyat və Sənaye, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyəti, eləcə də müxtəlif QHT-lərin nümayəndələri iştirak etmişlər.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov tədbiri giriş sözü ilə açaraq səhmdar cəmiyyətin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat vermiş, açıq informasiya siyasətinin “Təmiz Şəhər” ASC-nin prioritet istiqamətlərindən olduğunu qeyd edərək yenilənmiş internet saytının qurumun fəaliyyəti barədə ictimaiyyətin daha dolğun və asan məlumatlandırılmasına xidmət edəcəyini bildirmişdir. Yeni saytın quruluşu və axtarış sistemi istifadəçilərin istədikləri informasiyanı daha rahat əldə etmələrinə imkan verəcək.
Tədbir çərçivəsində tullantıların azaldılmasına yönəlmiş www.teb.az ünvanında yerləşən Təkrar Emal Birjasının (TEB) da təqdimatı keçirilmişdir. “Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov qeyd etmişdir ki, bu portal vasitəsilə istənilən şəxs təkrar emala yararlı xammalı satışa çıxararaq potensial müştərilərə təqdim edə bilər. Qeyd edilmişdir ki, təkrar emal ilə məşğul olan sənaye şirkətlərinin rastlaşdığı başlıca problem xammal təchizatçılarının demək olar ki, olmamasıdır. Bu məsələnin həlli istiqamətində atılan növbəti addım kimi “Təmiz Şəhər” ASC tərəfindən TEB-in elektron portalı yaradılmışdır. Şöbə müdiri tullantıların çeşidlənməsi və təkrar emalının tullantıların ümumi həcminin azalmasına, ucuz xammal bazarının formalaşmasına, ölkədə təkrar emal işinin inkişafına zəmin yaratdığını diqqətə çatdırmış, prosesin tullantıların ətraf mühitə mənfi təsirinin azalması kimi üstünlüyünü xüsusi vurğulamışdır.
Tədbir zamanı iştirakçılara hazırlanmaqda olan www.tulantim.az internet səhifəsi haqqında da məlumat verilmişdir. Bildirilmişdir ki, portalın əsas məqsədi evlərimizdə olan və artıq istifadə etmədiyimiz, lakin kiminsə ehtiyacını ödəyə biləcək əşyaların tullantı kimi atılmasının qarşısını almaq, bu əşyaları digər istifadəçilərə təklif etməkdir. “Bir şəxs üçün lazımsız olan əşya, digəri üçün gərəkli ola bilər” şüarı altında hazırlanan portal həm tullantıların miqdarını azaltmağa, həm də əhalidə mübadilə mədəniyyətini inkişaf etdirməyə xidmət edəcəkdir.