“Natəvan” qalereyasında “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə fransız rəssam və fotoqraf Alein Zimerayın “Əbədilik” mövzusunda fərdi sərgisi açılıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Rəssam və fotoqraf Alein Zimeray 1954-cü ildə anadan olub. O, hələ lap uşaqlıqdan müasir incəsənət kainatına baş vurub. Böyük kolleksiyaçı olan atasının köməyi ilə Arman, Man Rey və Piter Berd kimi rəssamlarla, həmçinin qalereya sahibləri və 60-cı illər Parisinin bütün incəsənət elitası ilə tanış olub.
Onun sənət işləri qadınlıq və bədən, portret və dəniz üzərində mərkəzləşir. Bu mövzular sənətkarın çap olunmuş iki kitabında - “Les Dames de la Mer” və “Sentinelle des mers”da öz əksini tapıb və onun müxtəlif fərdi və birgə sərgilərində nümayiş etdirilir.
Sərgi dekabrın 18-dək davam edəcək.