Bakı Fond Birjası (BFB) Avro-Asiya Fond Birjaları Federasiyasının (FEAS) “İnvestor Münasibətləri” üzrə İşçi Qrupuna üzv seçilib. Bu barədə BFB-dən məlumat verilib.
FEAS üzvlərinin Baş Assambleyasının növbəti iclası 3-5 dekabr tarixlərində Omanda keçirilib.
Tədbir çərçivəsində kiçik və orta sahibkarlıq subyektlərinin fond birjalarında listinqə çıxarılması, broker şirkətlərin maliyyə dayanıqlılığının gücləndirilməsi yolları kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb, İdarə Heyətinin və İşçi Qrupun iclasları keçirilib.
İşçi qrupun məqsədi qlobal investorların FEAS üzvü olan ölkələrin kapital bazarlarına marağının öyrənilməsi və artırılması üzrə tədbirlərin hazırlanmasıdır.
Avro-Asiya Fond Birjaları Federasiyası 1995-ci ildə təsis edilib. Federasiyanın 30 ölkədən post-ticarət institutları, diler assosiyaları və regional federasiyalar da daxil olmaqla 34 üzvü var.
BFB 2001-ci ildən FEAS-ın üzvüdür və 2012-ci ildə 2 il müddətinə təşkilatın İdarə Heyətinə üzv seçilib.