Ən amansız soyqırım Azərbaycanda Xocalı sakinlərinə qarşı törədilib. Bu barədə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova parlamentdə 10 dekabr – Beynəlxalq insan hüquqları Gününə həsr olunmuş dəyirmi masada bəyan edib.
“Ermənistan 2015-ci ildə BMT-də 1915-ci il hadisələri üzrə “erməni soyqırımı”nın yüz illiyinə həsr olunan tədbir keçirməyə hazırlaşır. Lakin ən amansız soyqırım Azərbaycanda Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilib. Və biz bu barədə dünya birliyini məlumatlandırmalıyıq”, - deyə ombudsman bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı başladığı müharibə nəticəsində dinc azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi ilə bağlı yeganə fakt deyil.
E.Süleymanova Ermənistanın işğalı nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası məqsədilə beynəlxalq səviyyədə həyata keçirilən tədbirlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova təəssüflə bildirib ki, beynəlxalq ictimaiyyət Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarının azad olunması və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində fəaliyyət göstərmir.
“Beynəlxalq birliyin üzvü olan dövlətin digər dövlətin ərazisini işğal etməsi faktı qətiyyən yolverilməzdir. Ən pisi isə odur ki, beynəlxalq birlik susur və işğalçı ölkəni işğal etdiyi torpaqları azad etməyə vadar etmək üçün ciddi səylər göstərmir”, - deyə o vurğulayıb.
R.Aslanova, həmçinin Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində atılan addımlar barədə də məlumat verib. O qeyd edib ki, vətəndaşların normal yaşam şəraitinin təmin edilməsi və hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.