“Sumqayıt Kimya Sənaye Parkı” ASC Peşə Tədris Mərkəzinin tikintisi və elektrik quraşdırma işləri üçün podratçı seçimi üzrə elan edilmiş tenderləri ləğv edib. Bu barədə ASC-nin elanında bildirilir.
“Tender iştirakçı şirkətlərin sayının az olması ilə əlaqədar ləğv edilib”, - deyə elanda qeyd edilir.
Peşə Tədris Mərkəzinin binasının tikintisi üzrə tender oktyabrın 4-də elan edilib.
Bundan başqa, “Sumqayıt Kimya Sənaye Parkı” ASC 167,66 hektar ərazidə elektrik quraşdırma işlərinin görülməsi üçün podratçı seçimi üzrə elan edilmiş tenderi də ləğv edib.
“Tender sentyabrın 25-də elan edilib, lakin iştirakçı şirkətlər tərəfindən tender təklifləri təqdim olunmadığına görə onun ləğv edilməsi qərara alınıb”,- deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2012-ci ildə 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Parkı” ASC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
“Sumqayıt Kimya Sənaye Parkı “ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
“Sumqayıt Kimya Sənaye Parkı”nın ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.