Azərbaycanın energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 11-də Gürcüstana rəsmi səfər edəcək. Bu barədə nazirliyin rəsmi saytında məlumat verilir.
Səfər Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin dəvəti ilə həyata keçiriləcək. Səfərdə məqsəd “Qara dəniz ötürmə şəbəkəsi” layihəsi çərçivəsində Gürcüstan tərəfindən həyata keçirilən 500/400/220 kV-luq “Axaltsixe” yarımstansiyası və Gürcüstanı Türkiyə ilə birləşdirən yüksək gərginlikli 400 kV-luq elektrik verilişi xəttinin açılış mərasimində iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə “Azərenerji” ASC-nin rəhbəri Etibar Pirverdiyev və digər rəsmi şəxslər daxildir.
Mərasimdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Avropa Birliyinin nümayəndələri, səfirlər və digər yüksək səviyyəli rəsmilər iştirak edəcəklər.
“Bu layihə Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü layihəsinin bir hissəsidir, Azərbaycanın Gürcüstan və Türkiyə, gələcəkdə isə Avropa elektrik enerjisi bazarına inteqrasiyasını, həmçinin elektrik enerjisi ixracını təmin edəcək. Layihə həm siyasi, həm də iqtisadi baxımdan Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2009-cu ilin aprel ayında “Azərenerji” ASC, “Gürcüstan Dövlət Enerji Sistemi” MMC və Türkiyə Elektrik Enerjisinin Ötürülməsi Korporasiyası tərəfindən “Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.
2009-cu ilin sentyabr ayında “Gürcüstan Dövlət Elektrik Sistemi” MMC Gürcüstan və Türkiyə arasında elektik ötürücü xəttinin tikintisinə başlayıb.
2010-cu ilin sentyabr ayında Azərbaycan Türkiyə ilə enerji körpüsünün yaradılması məqsədi ilə Gürcüstanla enerji əlaqələrinin gələcək inkişafına dair memorandum imzalayaraq bu layihəyə qoşulub.
Hazırda Gürcüstan və Azərbaycan arasında elektrik enerjisi verilişi 330 kV-luq “Qardabani” EÖX vasitəsi ilə həyata keçirilir.