BP şirkəti Qafqaz Universitetində 11 laboratoriyanın tikintisinə $1,3 mln. vəsait yatırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinə neft şirkətindən məlumat verilib.
Bazar ertəsi 2011-ci ildən fəaliyyət göstərən Mexanika mühəndisliyi fakültəsi üçün nəzərdə tutulan laboratoriyaların açılışı olub.
“İndiyədək BP tərəfindən iki fakültə və 11-i yeni olmaqla 16 laboratoriyanın yaradılmasına investisiya qoyuluşlarının həcmi $2,5 mln. təşkil edir”, - deyə şirkətin nümayəndəsi bildirib.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel laboatoriyaların açılış mərasimində çıxışı zamanı bəyan edib ki, bu cür yatırımlar dünya standartlarına cavab verən yüksək ixtisaslı kadrların hazırlanmasına kömək edir. “Belə laboratoriyaların yaradılması tələbələrə qərb universitetlərin xidmətlərinə müraciət etmədən təcrübə qazanmağa imkan verəcək. Ən iri neft-qaz layihələrinin operatoru olan BP onların həyata keçirilməsinə bu cür kadrları cəlb etmək niyyətindədir”, - deyə Q.Birrel qeyd edib.
Şirkətin nümayəndəsi qeyd olunan istiqamətdə Təhsil Nazirliyi və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) ilə bundan sonra da sıx əməkdaşlıq etməyə söz verib.
“Tələbələrimizin xaricdə təhsili on dəfələrlə baha başa gəlirdi. Beləliklə, biz xərcləri əhəmiyyətli dərəcədə azaldaraq yüksək ixtisaslı kadrların hazırlanmasına nail olacağıq. Bu layihələrin digər ali məktəblərdə də həyata keçirilməsinə zərurət var”, - deyə SOCAR-ın prezidenti Rövnəq Abdullayev vurğulayıb.
Qafqaz Universitetinin rektoru laboratoriyanın dünya standartlarına cavab verdiyini deyib.
“Belə layihənin reallaşdırılmasında BP-nin seçiminin Qafqaz Universiteti olması təəccüblü deyil. Sizə məlumdur ki, ölkədə “Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası həyata keçirilir. Qafqaz Universiteti Konsepsiyada qeyd olunan bir sıra tələbləri vaxtından əvvəl yerinə yetirib”, - deyə təhsil nazirinin müavini Ceyhun Bayramov vurğulayıb.