Lənkəran şəhərində “AtaSığorta” şirkətinin “Cənub” filialı fəaliyyətə başlayıb. Bu barədə şirkətin məlumatında qeyd edilir.
Yeni filialda müştərilərə müxtəlif çeşidli sığorta məhsullarının təqdim edilməsi nəzərdə tutulub.
“Regionlarda yeni filial və nümayəndəliklərin açılması şirkətin strateji inkişaf planının ayrılmaz hissəsidir və xidmət şəbəkəsinin genişləndirilməsi bundan sonra da davam edəcək”, - deyə məlumatda “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri Müseyib Əliyevə istinadən bildirilir.
Respublika ərazisində şirkətin 5 filialı və 10 nümayəndəliyi fəaliyyət göstərir.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta” 26 sığorta növü üzrə xidmət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 7,6 mln. manata bərabərdir.
2013-cü ilin 9 ayı ərzində şirkətin sığorta haqları 9 mln. 354,746 min manat, ödənişləri 1 mln. 905,944 min manat təşkil edib.