Çərşənbə axşamı Serqiyev Posad şəhər məhkəməsi bazarda baş vermiş münaqişə nəticəsində həlak olmuş bayker Leonid Frolovun işi üzrə qarpız satışı ilə məşğul olan Azərbaycan vətəndaşı Bəxtiyar Əliyevi bir il müddətinə azadlıqdan məhrum edib.
Lakin məhkəmə bu cəza müddətini çəkilmiş hesab edib.
2012-ci il iyunun 30-da Serqiyev Posad şəhərinin “Merkuri” bazarında baş vermiş davada B.Əliyev L.Frolova yumruq vurub. L.Frolov zərbədən yerə yıxılıb və başı asfalta dəyib. O, iyulun 8-də rayon xəstəxanasında dünyasını dəyişib.
B.Əliyev 2012-ci il sentyabrın 19-da 300-ə yaxın bayker Serqiyev Posadda Frolovun xatirəsinə aksiya keçirdikdən sonra tutulub.
Serqiyev Posad şəhər məhkəməsi 2013-cü il iyulun 31-də B.Əliyevin qətli ehtiyatsızlıqdan (RF CM-in 109-cu maddəsinin 1-ci hissəsi) törətdiyi qənaətinə gəlib və onu cəzasını ümumi rejimli koloniyada çəkməklə bir il müddətinə azadlıqdan məhrum edib ki, bu da bayker cəmiyyətinin üzvlərinin narazılığına səbəb olub.
Bayker cəmiyyətinin fəallarından olan Arseni Rayski “İnterfaks” agentliyinə bildirib ki, baykerlər hökmə yenidən baxılmasına nail olmaq niyyətindədirlər. Onun sözlərinə görə, L.Frolov oğlunun və qoca atasının gözləri qarşısında öldürülüb.
B.Əliyev 2013-cü il sentyabrın 19-da azadlığa çıxıb. “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, o, Rusiya ərazisini tərk edərək Azərbaycana qayıdıb.
Podmoskovye prokurorluğu da hökmü əsassız hesab edib və şikayət verib. Moskva vilayət məhkəməsi oktyabrın 15-də Serqiyev Posad şəhər məhkəməsinin hökmünü ləğv edib və işi yenidən baxılmaq üçün məhkəməyə göndərib.