Bu gün Bakıda “Avrointeqrasiya - Beynəlxalq Gənclər Forumu” adlı layihənin açılış mərasimi keçirilir.
“Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı növbəti uğurlu layihəni həyata keçirir”, - deyə gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, forumun işində iştirak edən Avropa gəncləri Azərbaycanı daha yaxından tanımaq, onun mədəniyyətini və tarixini öyrənmək imkanı əldə edəcəklər.
“Azərbaycanda gənclərin inkişafına yönəlmiş çoxlu tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Onların sayı ildən-ilə artır”, - deyə İ.Babayev qeyd edib.
Prezident yanında Gənclər Fondunun Aparat rəhbəri Faiq Qürbətov Avropa gənclərini Azərbaycanın gənclər təşkilatı ilə fəal əməkdaşlığa çağırıb, çünki təşkilat ölkədə çoxsaylı layihələr həyata keçirir.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) rəhbəri Gülsel Səfərova qeyd edib ki, forumda 11 Avropa ölkəsindən 15 nümayəndə iştirak edir.
Onun sözlərinə görə, forumda Azərbaycan-Avropa münasibətləri, avrointeqrasiya prosesində İKT-nin rolu, avrointeqrasiya prosesində beynəlxalq hüquq, enerji təhlükəsizliyi əsas müzakirə mövzuları olacaq.
Forumda Fransa, Almaniya, İsveçrə, Türkiyə, Böyük Britaniya, Polşa, İspaniya, Ukrayna, Gürcüstan və Macarıstan nümayəndələri iştirak edirlər.