Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Elşad İskəndərov hesab edir ki, respublikada insan hüquqlarının müdafiəsi sahəsində böyük işlər həyata keçirilib.
“Heydir Əliyevin hakimiyyətə qayıdışı ölkədə insanların fundamental hüquqlarının möhkəmlənməsini təmin edib. 90-cı illərin əvvəllərində Azərbaycanda xaosun hökm sürdüyü zaman insan hüquqları öz maraqlarını güdən müxtəlif strukturların əlində alət olmuşdu”, - deyə E.İskəndərov BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin qəbul olunmasının 65 illiyinə həsr olunmuş “Azərbaycanda dövlət-din münasibətləri və insan hüquqları” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrıdır, lakin buna baxmayaraq, hökumət bütün dinlərin nümayəndəərinə xüsusi diqqət ayırır.
“Hesab edirəm ki, əgər hansısa bir şəxs maddi, sosial və ya digər çətinliklərlə üzləşirsə, onun üzvü olduğu icma isə ona yardım göstərmək üçün heç bir tədbir görmürsə, həmin icma öz işini tam yerinə yetirmir. Yalnız təlimlərin (dini –İF-Az) yayılması ilə kifayətlənmək olmaz”, - deyə komitə sədri bildirib.
O, həmçinin vurğulayıb ki, İslam dini insan hüquqlarının böyük müdafiəçisidir.
“Bu din özündə uşaqların, qadınların müdafiəsini, sosial müdafiəni və s. birləşdirir. Dövlət Komitəsi dini icmalarla məhz bu istiqamətdə iş aparır”, - deyə o söyləyib.
“Biz yalnız tolerantlıqdan danışmamalıyıq, onun prinsiplərinə də riayət etməliyik”, - deyə E.İskəndərov qeyd edib.