Çərşənbə axşamı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) dini icmaların sosial proqramlarının dəstəklənməsi üzrə “Hörmət naminə birləş” adlı layihənin təqdimatı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Komitə sədri Elşad İskəndərov jurnalistlərə bildirib ki, layihə sosial problemlərin aradan qaldırılmasında dini icmaların birgə fəaliyyətini əhatə edir.
“Layihənin əsas tələbi bundan ibarətdir ki, burada üç icma (Azərbaycanın əsas konfessiyaları - İF-Az) iştirak etməlidir. Bu layihə Tolerantlıq Mərkəzi tərəfindən həyata keçirilir və postsovet məkanında unikal layihədir. Hesab edirəm ki, din nümayəndələrinin bu əməkdaşlığı bütün dünya üçün nümunə olacaq”, - deyə E.İskəndərov qeyd edib.
Proqram dini icmaların cəmiyyətə inteqrasiyasının təmin olunmasına, onların ictimai həyatda konstruktiv iştirakının güclənməsinə, sosial həyatda faydalı fəaliyyətə cəlb edilməsinə və Azərbaycana xas olan dözümlülük və tolerantlıq prinsiplərinin möhkəmlənməsinə yönəlib.