Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında dini hüquqların pozulması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edib.
“Biz artıq beynəlxalq təşkilatlara, eləcə də müxtəlif dövlətlərin müvafiq strukturlarına Azərbaycanın işğal altında olan torpaqlarında dini abidələrin məhv edilməsi haqqında sənədlər təqdim etmişik”, - deyə komitə sədri Elşad İskəndərov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda dini vəziyyət barədə hesabatlar tərtib edən mərkəzlərə də işğal olunmuş torpaqlardakı məscidlərin, eləcə də alban-udi kilsələrinin dağıdılması barədə məlumat verilib.
E.İskəndərov vurğulayıb ki, bu məsələdə hər hansı bir məqsədə çatmaq üçün dini icmaların aktiv fəaliyyət göstərməsi lazımdır.
“Dini icmalar da bu məsələdə fəal olmalıdırlar. Biz onlarla maarifləndirmə işi aparırıq. Onların bu istiqamətdə birbaşa fəaliyyəti həm beynəlxalq təşkilatların, həm də beynəlxalq dini strukturların qeyd olunan məsələyə biganə qalmamasına səbəb ola bilər”, - deyə sədr bildirib.