Azərbaycan prezidenti İlham Əliyev “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nı təsdiq edib. Proqram 2013–2017-ci illəri əhatə edir.
Proqramın mətni çərşənbə axşamı dövlət başçısının saytında dərc edilib.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin koordinatoru Səhiyyə Nazirliyidir.
Proqramın məqsədi uşaqlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsidir.
Milli Məclis 2013-cü il martın 5-də “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunu qəbul edib. Qanun uşaqların ildə bir dəfədən az olmayaraq dövlət hesabına icbari dispanserizasiyadan keçirilməsini nəzərdə tutur.
Uşaqların dispanserizasiyasının məqsədi böyüyən nəslin sağlamlığının qorunmasının təmin olunması və möhkmləndirilməsi, uşaq xəstəliklərinin profilaktikasıdır.
Qeyd olunan qanun uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq differensial sağlamlıq-müalicə tədbirlərinin tətbiqi ilə uşaqların planlı, kompleks və sistemli icbari dispanserizasiyasını, eləcə də bütün uşaqların icbari dispanserizasiyadan keçməsinin təmin edilməsini nəzərdə tutur.
Qəbul edilən qanun həmçinin uşaqların icbari dispanserizasiyası sahəsində dövlətin öhdəliklərini, o cümlədən tibb müəssisələrinin texniki təchizatının yaxşılaşdırılması, sağlamlığın profilaktikası üzrə avtomatlaşdırılmış sistemlərin istifadəsi, erkən mərhələlərdə xəstəliyin aşkar edilməsi, əhalinin dispanserizasiya haqqında maarifləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin zəruriliyini müəyyən edir.
Dövlət uşaqların illik tibbi müayinəsi; müayinədən keçəcək uşaqların registrinin yaradılması və aparılması; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi; uşaqar arasında xəstəliklərin səbəblərinin aşkar edilməsi; xəstəliklərin müalicəsi üzrə sosial, sanitar-gigiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərinin reallaşdırılması; müxtəlif xəstəliklər riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinəsinin təmin edilməsi ilə bağlı öhdəliklər götürür.
Valideyn himayəsindən məhrum olmuş, məhdud fiziki imkanlı, islah-əmək müəssisələrində cəza çəkən uşaqların dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanları hər uşağın fərdi qaydada dispanserizasiyası üçün xərcləri müəyyən etməlidir.
Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir.