Suriyanın “İslam cəbhəsi” qruplaşmasının döyüşçüləri Türkiyə ilə sərhəddə Bab əl-Hava sərhəd keçidinə nəzarəti ələ keçiriblər. Bu barədə Suriyanın İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verir.
Bu yaxınlarda yaradılan qruplaşmanın döyüşçüləri sərhəd keçidindən digər üsyançıları, xüsusilə Azad Suriya Ordusu ilə əməkdaşlıq edən qruplaşmaları çıxarıblar.
Ötən istirahət günləri “İslam cəbhəsi”nin döyüşçüləri Azad Suriya Ordusu tərəfindən nəzarət olunan nəzarət-buraxılış məntəqəsi yaxınlığında silah anbarlarını ələ keçiriblər. Bu isə Suriyada ayrı-ayrı üsyançı qruplaşmalar arasında gərginliyin artmasına səbəb olub.
Ötən həftə “İslam cəbhəsi” Suriya müxalifəti düşərgəsində Azad Suriya Ordusunun rəhbər roluna qarşı çıxış edib.
Bu ilin noyabr ayında Suriyada yeddi müxalif qruplaşması "İslam Cəbhəsi"ni yaradıb. Cəbhə özünü müstəqil hərbi-siyasi və sosial birləşmə kimi xarakterizə edib. Cəbhənin məqsədi prezident Bəşər Əsəd rejimi ilə mübarizə aparmaqdır.