Şəmkir rayonunun Yeni Göyçə kəndində məktəb binası əsaslı təmirdən sonra istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
11 sinif otağından ibarət 220 şagird yerlik təhsil ocağı müasir inventar və avadanlıqla təchiz olunub.
“Yeni Göyçə ümumi orta məktəbi bu il Şəmkir rayonunda əsaslı təmir olunan sayca 3-cü təhsil ocağıdır. Bundan başqa, rayonun 3 kəndində yeni məktəb binası tikilərək istifadəyə verilib. Gələn il daha 10 məktəb üçün yeni binanın tikintisi planlaşdırılır”, – deyə rayon Təhsil Şöbəsindən bildiriblər.
Məktəbdə kitabxana, kompyuter otağı, akt və idman zalları da yaradılıb. Sinif otaqlarının normal qızdırılması üçün müasir istilik sistemi qurulub.
Şəmkir rayonunda 80 məktəb fəaliyyət göstərir.