Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində “Günəş sisteminin dinamikasının tədqiqində son nailiyyətlər” mövzusunda elmi konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan öz peykini orbitə göndərməklə dünyanın kosmik sənayeyə sahib olan ölkələrindən birinə çevrilib.
Onun sözlərinə görə, bu sahənin davamlı inkişafı alim və mütəxəssislərin tədqiqatlarını stimullaşdırmaqla bərabər, elm adamlarının üzərinə böyük vəzifələr qoyur.
Akademik qeyd edib ki, son zamanlar texniki imkanların genişləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi Naxçıvanda bu sahədə tədqiqatların nəticələri barədə elmi ictimaiyyətə geniş məlumat verməyə imkan yaradır.
Elmi konfransın sonunda Günəş sisteminə aid video-film nümayiş etdirilib.