Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar ehsan süfrələri açılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirdə çıxış edən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Azərbaycan Respublikası prezidentinin 2013-cü il 21 yanvar tarixli sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 22 dekabr 2012-ci il tarixli sessiyasında 2013-cü il muxtar respublikasında “Heydər Əliyev ili” elan olunub və ulu öndərin yubileyi muxtar respublikada geniş qeyd edilib. “Bu tədbirlər xalqımızın böyük oğlunun parlaq xatirəsinə dərin ehtiramın ifadəsidir. Onun Azərbaycan naminə keçdiyi həyat yolu xalqımızın bugünkü və gələcək nəsillərinə bir nümunədir. Biz də xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsi önündə baş əyirik”, - deyə Ali Məclisin sədri qeyd edib.
Mərasimdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.
Həmin gün muxtar respublikanın rayonlarında, Ağciyər Xəstəlikləri və Psixi Xəstəliklər dispanserlərində də Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrələri açılıb.