“Azərsu” ASC Bakının Nizami rayonunun sakinlərinin fasiləsiz su ilə təchizatına başlayıb. Bu barədə ASC-dən məlumat verilib.
“Görülən işlərin nəticəsində Nizami rayonunda 51,49 min abonentin 46 mini fasiləsiz su ilə təmin edilib. Beləliklə, hazırda rayon üzrə 182 min nəfər və ya sakinlərin 90%-i fasiləsiz su ilə təmin olunub”, - deyə məlumatda qeyd edilir.
Hələlik rayonun yalnız Elşən Süleymanov, Bəhruz Nuriyev, Şərifli küçələrinin bir hissəsinə, eləcə də Keşlə qəsəbəsinin bəzi yerlərinə içməli su qrafiklə verilir. Həyata keçirilən yenidənqurma işləri tam başa çatdıqdan sonra bu ərazilərə də 24 saat içməli suyun verilməsi təmin ediləcək.
Anbarlarda və magistral xətlərdə aparılan yenidənqurma işləri ilə paralel olaraq Nizami rayonu ərazisindəki çoxmənzilli yaşayış binalarının şəbəkələri yenidən qurulur, hər bir abunəçi smart-kart tipli sayğacla təmin edilir.
“İndiyə qədər Nizami rayonunda 42 binada bu işlər tam başa çatdırılıb, 2182 mənzilə smart-kart tipli su sayğacları quraşdırılıb. Hazırda 222 binada işlər davam etdirilir, 186 bina üzrə isə layihələndirmə işləri aparılır”, - deyə məlumatda qeyd edilir.