Təhsil Nazirliyi hər il fəaliyyətinin prioritet istiqamətlərini elan edəcək. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidməti məlumat verir.
Nazirlik ümumtəhsil məktəblərində islahatların aparılacağı prioritet istiqamətləri müəyyənləşdirib.
Nazirlik tərəfindən ümumi təhsil sistemində aktual problemlərin həllinə istiqamətlənmiş islahatyönlü tədbirlər planı hazırlanıb. Həmin tədbirlərin keçirilməsində əsas məqsəd məktəblərdə sağlam və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və məktəbin idarə olunmasının müasir tələblər səviyyəsinə çatdırılmasından ibarətdir.
Bu islahatlar ilkin mərhələdə yalnız Bakı şəhərinin məktəblərində aparılacaq. Bakı şəhərində ölkə üzrə ümumtəhsil məktəblərinin sayca 8 faizi yerləşsə də, şagirdlərin sayı baxımından şagird kontingentinin 28 faizi əhatə olunub.
Gələn tədris ilində illik dərs müddəti 2-3 həftə artırılacaq, yuxarı siniflərdə şagirdlərin həftəlik dərs yükü azaldılacaq, məcburi və seçmə fənləri əhatə edən tədris planları tətbiq olunacaq.
Bundan başqa, məktəblilərin qidalanmasına və fiziki tərbiyəsinə xüsusi diqqət ayrılacaq.