SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı 4-cü özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sistemini istifadəyə verib. Bu barədə şirkətin saytında məlumat verilir.
SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov, “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov və şirkətin aparıcı mütəxəssislərinin daxil olduğu geniş tərkibli komissiya “Günəşli” yatağındakı 4 saylı dərin dəniz özülünə baş çəkib, bu özüldə köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin istifadəyə verilməsi prosesi ilə tanış olub.
Qeyd edilib ki, bu tipli yanğınsöndürmə sistemi ARDNŞ-nin strukturlarında ilk dəfə məhz “28 May” Neft və Qazçıxarma İdarəsinin 4 saylı dərin dəniz özülündə quraşdırılıb.
Komissiya üzvləri, həmçinin 4 saylı özüldə istismara veriləcək yeni Qazlift kompressor stansiyasının tikinti-quraşdırma işləri ilə maraqlanıblar.