Azərbaycanda əhali üçün elektrik enerjisinin qiymətlərinin artırılması planlaşdırılmır. Bu barədə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bəyan edib.
“Yanacağın qiymətlərinin artmasına baxmayaraq, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı yoxdur”, - deyə E.Pirverdiyev bildirib.
Hazırda əhali üçün elektrik enerjisinin 1 kilovatı 0,06 manat təşkil edir.
Xəbər verildiyi kimi, Tarif Şurasının qərarına əsasən, dekabrın 3-dən etibarən Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 0,8 manat (əvvəllər 0,6 manat), Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 0,7 manat (əvvəllər 0,55 manat), dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 0,6 manat (əvvəllər 0,45 manat) səviyyəsində müəyyən edilib.
Bundan başqa, etibarən bəzi neft məhsullarının topdansatış qiymətləri də bahalaşıb. Kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış tarifi hər 1000 kubmetr üçün 80 manat (əvvəllər 42 manat) səviyyəsində təsdiq edilib.