İrəvanın Gömrük İttifqına daxil olmaq qərarı Ermənistanın Avropa Birliyi (AB) ilə münasibətlərinə təsir göstərməyəcək. Bu barədə Prezident Aparatının rəhbəri Vigen Sarkisyan bəyan edib.
“Gömrük İttifaqına üzvlük haqqında qərar Ermənistan-AB münasibətlərinin gündəliyini redaktə etsə də, ləğv etməyib. Ermənistan-AB dialoqunun əsas məqsədi kimi qoyulan tapşırıqlar yerinə yetirilir, xüsusilə islahatlar aparılır”, - deyə V.Sarkisyan “Avropaya inteqrasiya 2013. Vilnüsdə “Şərq tərəfdaşlığı” Sammitindən sonra AB-Ermənistan münasibətlərinin perspektivləri” mövzusunda beynəlxlaq konfransda bildirib.
Onun sözlərinə görə, Ermənistanın islahatların aparılmasına dair üzərinə götürdüyü öhdəliklər gündəlikdə qalmaqda davam edir.
“Biz Ermənistan-AB münasibətlərinin vacib tərkib hissəsi olaraq islahatları davam etdirəcəyik. Biz “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığımızı davam etdirəcək və ardıcıl olaraq islahatlar həyata keçirəcəyik”,- deyə V.Sarkisyan qeyd edib.
Aparat rəhbəri onu da deyib ki, gələn il əməkdaşlığın yeni modellərinin axtarışı nöqteyi-nəzərindən “Şərq tərəfdaşlığı”nın gələcək inkişafında dönüş ili olacaq.