Azərbaycanda genetik modifikasiya olunmuş bitkilər yoxdur. Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) məlumatında qeyd edilir.
SMPDK, Azərbaycan Milli Elmlər Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səhiyyə Nazirliyinin mütəxəssislərinin daxil olduğu Ekspert Şurası Şəki-Zaqatala, Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində geni dəyişdirilmiş bitkilərin aşkarlanması məqsədilə monitorinqlər keçirib.
“Bir sıra bitkilərin toxum materiallarından götürülən nümunələr Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinə (AzTEST) təqdim olunub. Sınaqlar nəticəsində nümunələrdən heç birində gen dəyişikliyi aşkar olunmayıb”, - deyə məlumatda qeyd olunur.
Ekspert Şurası araşdırmaları davam etdirir.