SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası ilə əlaqədar olaraq kompleks və onun ətrafındakı ərazilərdə infrastrukturun (dəmir yolu, avtomobil yolu, xammal və məhsullar üçün boru kəmərləri və s.) qurulması üçün topoqrafik tədqiqat işləri aparıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Müvafiq işlər BP və “Total” şirkətləri ilə birlikdə “Fugro” şirkəti tərəfindən müasir texnologiyalardan istifadə edilərək LİDAR (lazer texnologiyasına əsaslanan şüalarla yerin quruluşunun müəyyən edilməsi) aeroçəkilişi vasitəsilə aparılıb. Hazırda layihəçi şirkət olan “Socar Foster-Viler” Mühəndislik Xidmətləri MMC əldə olunan məlumatları emal edir və təsdiqləndikdən sonra layihələndirmənin növbəti mərhələsi başlanacaq”, - deyə məlumatda qeyd edilir.
Daha əvvəl SOCAR-ın vitse-prezidenti David Məmmədova istinadən məlumat verilib ki, şirkət 2026-cı ilə qədər Qaradağda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksini tam istifadəyə verməyi planlaşdırır. Kompleksin istismara verilməsi prosesi 2019-cu ildə qaz emalı zavodunun işə salınması ilə başlayacaq. Ümumilikdə kompleksə qaz emalı zavodu, neft emalı zavodu, neft-kimya zavodu və enerji mərkəzi daxil olacaq.
OGPC-nin tikinti layihəsinin texniki-iqtisadi əsaslandırma çərçivəsində müəyyən edilmiş dəyəri tikinti dövründə götürülmüş kreditlər üzrə faizlər də daxil olmaqla $17,1 mlrd. təşkil edir. Layihənin dəyərinin təxminən 30%-nin nizamnamə kapitalı ($5 mlrd.-a yaxın), 70%-nin borc kapital hesabına ($12 mlrd.-a yaxın) maliyyələşdirilməsi planlaşdırılır. Kompleksin gəlirliliyi 13%, investisiya xərclərinin çıxarılma müddəti 7-8 il təşkil edəcək
Kompleksdə 27-dən çox xüsusi lisenziyanın tətbiqi ilə texnoloji proseslərin istifadə edilməsi gözlənilir. Ümumilikdə kompleksdə 40-dan artıq müasir qurğu istismara veriləcək. Neft emalının dərinliyi 95%-ə qədər, açıq rəngli neft məhsullarının hasilatı 85%-ə qədər artırılacaq.
İldə 10 mln. ton neft emal etmək gücünə malik NEZ-in tikintisi və istismara verilməsi ölkənin növbəti 20 il ərzində strateji neft məhsullarına olan tələbatını ödəyəcək.
Kompleksdə, həmçinin ildə 1,7 mln. tona yaxın ixracyönümlü neft məhsullarının istehsalı planlaşdırılır.
Azərbaycan əhalisinin və istehsal obyektlərinin təmizlənmiş təbii qaza olan tələbatı ildə 10-12 mlrd. kubmetr qaz emal etmək gücünə malik zavodun hesabına tam təmin ediləcək.