Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində respublikanın regionlarında su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üzrə işlərin aparılmasına $150 mln. məbləğində üçüncü tranşın verilməsini təsdiq edib. Bu barədə bankın məlumatında deyilir.
Üçüncü tranşın vəsaitləri Ağcabədi və Naxçıvan şəhərlərində su təchizatının yaxşılaşdırılmasına sərf olunacaq.
“Bu tranş hesabına işlərin həyata keçirilməsi 50,573 min nəfərin su təchizatını yaxşılaşdırmağa imkan verəcək. Naxçıvan şəhərində ev təsərrüfatlarının 100%-i su təchizatına qoşulacaq (hazırda 90%). Ağcabədidə suburaxıcı qurğuların və su-kanalizasiya şəbəkəsinin bərpasına başlanacaq, suyun buraxılması üçün 8 quyu qazılacaq, iki çən təmir olunacaq və dörd çən inşa ediləcək, çirkab suların təmizlənməsi sistemi yaradılacaq”, - deyə məlumatda qeyd edilir.
Kreditin istifadəsinə 2014-cü ildə başlanacaq.
MFF çərçivəsində $75 mln. vəsait bölüşdürülməmiş qalır.
Xəbər verildiyi kimi, AİB-in Direktorlar Şurası 2009-cu il sentyabrın 23-də Azərbaycana su və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün $600 mln. məbləğində çoxtranşlı kreditin ayrılmasını təsdiq edib. Azərbaycan hökuməti səkkiz illik investisiya proqramı çərçivəsində bu məqsədlərə $200 mln. ayırmağı planlaşdırır. AİB-in proqram çərçivəsində ilk tranşı $75 mln., ikinci tranşı $300 mln. təşkil edib.
Bankın və Azərbaycan hökumətinin vəsaitləri kişik şəhərlərdə və Bakıdan kənarda yarımşəhər ərazilərdə 500 min nəfərin su təchizatı və kanalizasiya sisteminin keyfiyyətini yaxşılaşdıracaq.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Bankın respublikada energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə kredit portfeli $1,4 mlrd.-ı ötür.