Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Şirvan şəhərində çörək və çörək məhsullarının istehsalı və satışı ilə məşğul olan “Roza-çörək” SC-nin səhmlərinin 30%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ƏMDK-dan məlumat verilib.
146,419 min ədəd səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramına müəssisənin fəaliyyətinin bərpası, müasir standartlara uyğun yenidən qurulması və istehsal istiqaməti dəyişdiyi halda yeni avadanlıqların alınması, müəssisənin ərazisinin abadlaşdırılmasına dair təkliflər daxil edilməlidir.
Həmçinin investisiya proqramına bu məqsədlər üçün ayrılmış investisiyanın həcmi və müddəti daxil edilməlidir.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 25 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi bəyan edilmiş sərmayənin həcminin 5%-ə qədərini 60 gün ərzində SC-nin hesabına, səhmlərə görə müsabiqə təklifində nəzərdə tutulmuş vəsaiti 90 gün ərzində dövlət büdcəsinə köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2013-cü il dekabrın 2-nə qədər qəbul ediləcək. Təkliflərin qiymətləndirilməsi proseduru dekabrın 4-də keçiriləcək.
“Roza-çörək” SC Şirvan şəhərində yerləşir və 1987-ci ildə istismara verilib.
2013-cü il sentyabrın 1-nə SC-nin borcları 646,181 min manat təşkil edib. Müəssisənin debitor borcları 311,956 min manata bərabərdir.
2013-cü il sentyabrın 1-nə ASC-nin nizamnamə kapitalı 488,066 min manat təşkil edib və nominal dəyəri 1 manata bərabər olan adi səhmlərə bölünüb.