Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda avtomobil yolu infrastrukturunun yaxşılaşdırılması üçün çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində $45 mln. məbləğində dördüncü tranşı ayırmağa hazırdır. Bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olly Norojono bəyan edib.
“AİB Gəncə şəhərində dörd körpünün tikintisi və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması üçün $45 mln. məbləğində kredit verməyə hazırdır”, - deyə O.Norojono bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın yol sektorunun inkişafı məqsədilə çoxtranşlı maliyyələşdirmə proqramı çərçivəsində sonuncu, dördüncü tranş olacaq.
O.Norojono əlavə edib ki, AİB Gəncə dairəvi yolunun inşası layihəsinin qiymətləndirilməsini həyata keçirib. “Bank bu layihənin həyata keçirilməsinə $55 mln. məbləğində kredit ayırıb. 2012-ci ildə layihə başa çatıb və 2013-cü ildə onun qiymətləndirilməsi keçirilib. Layihənin uğurlu olduğu bildirilib”, - deyə o qeyd edib.
AİB 2008-ci ildə Azərbaycanda yol sektorunun inkişafının kreditləşməsi məqsədilə $500 mln. məbləğində çoxtranşlı maliyyələşdirmə proqramını təsdiq edib.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycana energetika, nəqliyyat, kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı, özəl sektorun inkişafı sahələrində layihələr üzrə $1,4 mlrd.-dan artıq məbləğdə kredit ayırıb. Hazırda Azərbaycanda layihələr üzrə aktiv kredit portfeli $1,2 mlrd. təşkil edir.