Prezident seçkilərinin keçirilməsində Azərbaycanın sitəcrübə MDB-də seçki qanunvericiliyinin inkişafına kömək edəcək. Bu barədə Parlament Assambleyası Şurasının baş katibi Aleksey Sergeyev bu gün Bakıda “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminarda bildirib.
“2013-cü ilin oktyabr ayında Azərbaycanda prezident seçkilərinə hazırlığı və seçkilərin keçirilməsini müahidə edən zaman MDB-dən olan müşahidəçilər həm seçki qanunvericiliyinin inkişafı, həm də Mərkəzi, eləcə də dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkilində mühüm irəliləyiş müşahidə ediblər”,- deyə A.Segeyev qeyd edib.
Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov parlamentin sədri Oqtay Əsədovun seminar iştirakçılarına məktubunu oxuyub. Məktubda qeyd edilir ki, Azərbaycanın seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsini və Azərbaycan vətəndaşlarının öz iradəsini azad ifadə etməsini təmin edir.
“Ölkədə Seçki Məcəlləsinin və ayrı-ayrı sahələrə aid qanunların hazırlanması zamanı bütün səviyyələrdə Azərbaycan vətəndaşlarının azad iradəsini təmin edən obyektiv, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün normativ baza yaradılıb”, - deyə müraciətdə bildirilir.
Səmərəli fəaliyyət göstərən Mərkəzi Seçki Komissiyasının yaradılması yeni seçki qanunvericiliyinin təkmilləşdirilməsinə, yüksək dəqiqliyə və seçki hüququ normalarının tətbiqinin eyniliyinə nail olmuş dairə və məntəqə komissiyalarının fəaliyyətini təmin etməyə imkan verib.
“Bu yaxınlarda ölkə prezidenti İlham Əliyevin yüksək səs çoxluğu ilə qələbəsi ilə nəticələnmiş prezident seçkiləri seçki prosesinin səmərəliliyinin bariz nümunəsidir”, - deyə O.Əsədov qeyd edib.
Bununla yanaşı, Milli Məclisin spikeri qeyd edib ki, seçki qanunvericiliyinin təkmilləşdirilməsi beynəlxalq təcrübənin, qabaqcıl praktika və seçki sistemlərinin ətraflı öyrənilməsini tələb edən daimi prosesdir.
“Bu mənada biz seçki prosesinin daha səmərəli mexanizmlərinin işlənməsi məqsədilə məlumat mübadiləsinin, müxtəlif ekspert məsləhətləşmələrinin aparılmasına hərtərəfli kömək göstərəcəyik”, - deyə O.Əsədovun tədbir iştirakçılarına müraciətində deyilir.
“Seçki qanunvericiliyinin qəbul edilməsi sahəsində dövlətlərarası əməkdaşlıq və onun praktiki tətbiqi məsələləri ənənəvi olaraq MDB Parlament Assambleyası Şurasının üzvü olan dövlətlərin parlament strukturlarının diqqət mərkəzində saxlanılır. Keçmiş SSRİ məkanında yaranmış gənc demokratik dövlətlər indiyə qədər seçki proseslərinin əsas mərhələlərini, siyasi qüvvələrin və dövlət hakimiyyəti orqanlarının, seçkilərin təşkili strukturlarının, kütləvi informasiya vasitələri və vətəndaş cəmiyyəti təşkilatlarının bu proseslərdə iştirakını tənzimləyən hüquqi normalar hazırlayıblar. Dövlət quruculuğunun indiki mərhələsinin əsas vəzifəsi elektoral sahədə fəaliyyət göstərən strukturların maraqlarının daha ətraflı nəzərə alınması məqsədilə mövcud qanunvericiliyin təkmilləşdirilməsidir”, - deyə MDB Parlamentlərarası Assambleya Şurasının sədri Valentina Matviyenkonun seminar iştirakçılarına təbrik müraciətində bildirilir.