Bu gün Bakı Caz Mərkəzində görkəmli Azərbaycan bəstəkarı, pianoçu, "Caz-muğam" musiqi üslubunun yaradıcısı Vaqif Mustafazadənin anım günü qeyd olunacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Caz Mərkəzindən məlumat verilib.
Konsertdə Salman Qəmbərov (piano), Elbəy Məmməzadə (piano), Elçin Şirinov (piano), Etibar Əsədli (piano), Həsən Bilalov (baraban), Ruslan Hüseynov (bas-gitara), Tofiq Cabbarov (perkussiya), Rauf Sultanov (kontrabas), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (baraban), Elvin Bəşirov (baraban), Zaur Mirzəyev (saksafon), Elnur Hüseynov (vokal), Diana Hacıyeva (vokal), Mədinə Muradxanova (vokal), Nərminə Seyidova (vokal) və Camal Eminli (vokal) iştirak edəcəklər.
Konsertdə V.Mustafazadənin kompozisiyaları ifa olunacaq. Gecənin aparıcısı Rahib Azəridir.
V.Mustafazadə 1940-cı il mart ayının 16-da Bakıda anadan olub. O, ilk dəfə cazda Azərbaycan koloritindən, muğamlardan istifadə edib, cazda yeni cərəyanın əsasını qoyub. V.Mustafazadə bir çox caz kompozisiyalarının müəllifidir.
1972-ci ildə V.Mustafazadə “ Əlvida”adlı məşhur kompozisiyasını yazıb və bu əsər ona dünya şöhrəti gətirib. V.Mustafazadə bir çox festival və müsabiqələrin laureatı olub.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə “Əzizənin intizarında” kompozisiyasını ifa edərkən ürək tutmasından vəfat edib. O vaxt onun 39 yaşı var idi.