Azərbaycanda dini icmaların “Aktiv Qadınlar Şəbəkəsi” yaradılıb. Bu barədə layihənin rəhbəri və Avrasiya Beynəlxalq İnkişaf Assosasiyasının (ABİA) sədri Sevinc İsgəndərova bazar ertəsi Bakıda mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, on aydan çoxdur ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İKGF, ARM) və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə ABİA "Gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu" mövzusunda layihə həyata keçirir.
“Layihə təsis olunmuş "Aktiv Qadınlar Şəbəkəsi" çərçivəsində davam etdiriləcək. Belə ki, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə şəbəkəyə cəlb edilən qadınlar müxtəlif peşə ixtisaslarına yiyələnmək imkanları əldə edəcəklər. İlk olaraq şəbəkə çərçivəsində qadınların cəmiyyətdə aktivliyinin artırılması və kiçik biznes sahəsində iştiraka təşviq etmək üçün onlara bu regionlarda xalçaçılıq, dərzilik və mühasibat kursları keçiriləcək. Şəbəkə çəçivəsində gənc qadınlar və qızlar müxtəlif yerli və beynəlxalq təlim və tədbirlərdə iştirak etmək şansı qazanacaqlar”, - deyə o əlavə edib.
TİKA-nın Bakı ofisinin rəhbəri Mustafa Haşim öz çıxışında layihənin əhəmiyyətini vurğulayıb, “Aktiv Qadınlar Şəbəkəsi”nin fəaliyyətinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Layihə çərçivəsində ölkənin bölgələrində yaşayan və dini icmaların üzvləri olan gənc qadın və qızlar üçün cəmiyyətimizdə qadın hüquqlarına aid olan problemlər, qadınların ictimai sektorda iştirakının vacibliyi, onların bütün sahələrdə, xüsusilə də cəmiyyət üçün həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması, qızların təhsil problemləri, eləcə də kiçik biznes sahəsində qadınların iştirak fəallığının stimullaşdırılması ilə bağlı maarifləndirici təlimlər keçirilib, gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu araşdırılıb.