Azərbaycanda “Sığorta fəaliyyəti haqqında” qanuna düzəlişlər qüvvəyə minib.
Prezident İlham Əliyevin təsdiq etdiyi “Sığorta fəaliyyəti haqqında” qanuna düzəlişlərin mətni çərşənbə axşamı rəsmi mətbuatda dərc edilib.
“Sığorta fəaliyyəti haqqında” qanuna düzəlişlərdə xarici kapitalın sığorta bazarına daxil olması üçün liberallaşma nəzərdə tutulur. Hazırda qanunvericiliyə müvafiq olaraq Azərbaycanda sığorta şirkətlərinin səhmdarları yalniz xarici sığorta şirkətləri ola bilərlər. İndi peşəkar sığortaçı olmayan xarici fiziki və hüquqi şəxslərin sığorta bazarına daxil olması liberallaşdırılıb.
“Sığorta fəaliyyəti haqqında” qanunun 20.1-1 maddəsinə düzəlişlərə əsasən, sığortaçının nizamnamə kapitalında bir xarici fiziki şəxsin payı səhmlərin 10%-dən, xarici fiziki şəxslərə məxsus payların ümumi həcmi 30%-dən çox ola bilməz.
Bundan başqa, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq maliyyə təşkilatları, xarici sığortaçılar, həmçinin xarici institutisional investorlar (bank və kredit təşkilatları, pensiya fondları, investisiya fondları) istisna olmaqla, digər xarici hüquqi şəxslərin sığortaçının nizamnamə kapitalındakı ümumi payı səhmlərin 50%-dən az olmalıdır.
Qanuna edilən düzəlişlər ipoteka sığortası anlayışını dəqiqləşdirir, elektron formada sığorta müqavilələrinin bağlanması imkanlarını, sığorta ehtiyatlarının formalaşdırılması qaydasını nəzərdə tutur.
Bundan başqa, düzəlişlər aktuarilərin fəaliyyət qaydalarını, aktuari fəaliyyəti ilə məşçğul olmaq üçün şəhadətnamələrin verilməsi qaydalarını müəyyənləşdirir.