“Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması tarixi hadisədir və Heydər Əliyevin əsasını qoyduğu, prezident İlham Əliyevin isə davam etdirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
“Bu, $45 mlrd. məbləğində sərmayənin yatırıldığı çox mühüm layihədir”, - deyə o, çərşənbə axşamı Milli Məclisin plenar iclasında bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
“Əgər Bakı-Tiflis-Ceyhan neft kəməri layihəsi XX əsrin müqaviləsi hesab olunursa, o zaman “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasını cəsarətlə XXI əsrin müqaviləsi adlandırmaq olar”, - deyə deputat Əli Məsimli qeyd edib. Onun sözlərinə görə, “Mərhələ-2” çərçivəsində Avropaya qaz nəqlinə başlanması Avropa dövlətlərinin əsas problemi olan qlobal enerji təhlükəsizliyinin təmin olunmasına imkan yaradacaq.
“Əminəm ki, “Şahdəniz” layihəsinin ikinci mərhələsi digər layihələrin də reallaşdırılmasına təkan verəcək, həmçinin XXI əsrin qaz siyasətinə öz düzəlişlərini daxil edəcək. Əgər Azərbaycan Avropada ən azı 500 milyon nəfərin enerji təhlükəsizliyinin təminatı məsələsinin həllində fəal iştirak edirsə, bu halda Avropa strukturları Azərbaycanın işğal edilmiş ərazilərinə və Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdikləri qərarlara prinsipial münasibət bildirməlidirlər”, - deyə Ə.Məsimli vurğulayıb.
Digər parlament üzvləri də “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanmasının Azərbaycan üçün mühüm əhəmiyyətini qeyd ediblər.
Bundan başqa, iclasda deputat Qənirə Paşayeva ölkə prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı yüksək qiymətləndirib. Deputat Qüdrət Həsənquliyev isə “Sahil” parkının adının dəyişdirilərək "Cümhuriyyət" parkı adlandırılmasını təklif edib.