Xorvatiya Trans-Adriatik qaz kəmərinin (Trans Adriatic Pipeline, TAP) tikintisi layihəsinin reallaşdırılmasına böyük önəm verir. Bu barədə Xorvatiyanın baş naziri Zoran Milanoviç çərşənbə axşamı Bakıda “Şahdəniz” yatağının işlənməsinin “Mərhələ-2” layihəsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimində bəyan edib.
“Mən bu layihənin reallaşmasını səbirsizliklə gözləyirəm. Xorvatiya özünün enerji tədarükü mənbələrinin diversifikasiyasına çalışır və TAP-ın bir hissəsinin olduğu “Cənub qaz dəhlizi” layihəsi bizim və ümumilikdə Mərkəzi Avropa üçün böyük əhəmiyyət kəsb edir”, - deyə Z.Milanoviç bildirib.
Albaniyanın baş naziri Edi Rama bəyan edib ki, TAP layihəsinin reallaşması İon-Adriatik qaz kəməri (Ionian Adriatic Pipeline, IAP) kimi yeni layihəlıərin həyata keçirilməsi üçün yol açacaq.
“TAP layihəsi yalnız Albaniya üçün deyil, həm də Xorvatiya, Makedoniya, Monteneqro və Cənub-Şəqri Avropanın digər ölkələri üçün inkişaf mənbəyi ola bilər. Biz bu layihəni Azərbaycanın və strateji tərəfdaşımız olan Türkiyənin köməyi ilə həyata keçirmək istəyirik”, - deyə E.Rama qeyd edib.
İtaliyanın xarici işlər naziri Emma Bonino mərasimdə bəyan edib ki, enerji tədarükünün təhlükəsizliyinin artması və ölkənin qaz idxalından asılılığının azalması İtaliya qarşısında duran ən vacib vəzifələrdən biridir.
“TAP layihəsi bizim “Cənub qaz dəhlizi” üçün və Aralıq dənizi regionunda enerji mərkəzinə çevrilmək məqsədimizə doğru atılan mühüm addımdır. İtaliya və Avropa enerji təhlükəsizliyinin gücləndirilməsi üçün qaz tədarükü üzrə tranzit marşrutları və mənbələri diversifikasiya etməlidir. TAP layihəsi bizim üçün bu məqsədə doğru yol açır”, - deyə o qeyd edib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. TAP qaz kəmərinin tikintisinin 2015-ci ildə, bu kəmərlə Azərbaycan qazının nəqlinin isə 2019-cu ildə başlanması nəzərdə tutulur.
TAP layihəsində səhmdarlar arasında pay bölgüsü bu qaydadadır: SOCAR (20%), “BP” (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), “E.ON” (9%) və “EGL-Axpo” (5%).