Monteneqro prezidenti Filip Vuyanoviç hesab edir ki, Monteneqro "Cənub qaz dəhlizi"nin bir hissəsinə çevrilməklə özünün uzunmüddətli enerji sabitliyini təmin edəcək.
“Monteneqro üçün strateji, enerji və iqtisadi baxımdan iri qaz dəhlizinin hissəsi olmaq çox önəmlidir. Bu dəhliz sayəsində Monteneqroda əlverişli investisiya mühiti yaxşılaşacaq",- deyə F.Vuyanoviç çərşənbə axşamı Bakıda gələcəkdə qazın Albaniya, Xorvatiya və Monteneqroya tədarükünə dair Anlaşma Memorandumunun imzalanması mərasimində bəyan edib.
Onun sözlərinə görə bu dəhliz yeni investisiya və tərəfdaşlıq əlaqələri üçün imkanlar yaradacaq, layihənin həyata keçirilməsi ilə Monteneqroda tikinti və xidmətlə bağlı yeni iş yerləri açılacaq.
"Monteneqro sakinləri və iqtisadiyyatı ucuz enerji mənbəyi əldə edəcək ki, bu da iqtisadi şəraiti və əhalinin yaşayış səviyyəsini yaxşılaşdıracaq. Ərazisindən qaz nəql ediləcək ölkə kimi Monteneqro böyük maliyyə gəliri əldə edəcək”, - deyə o vurğulayıb.
“Memorandumu imzalamış digər ölkələrlə birlikdə Monteneqro nəql yolları və mənbələrinin şaxələndirilməsi və xüsusilə Cənub-Şərqi Avropaya yüksək səviyyəli təhlükəsiz tədarüklərlə bağlı Avropa enerji birliyinin məqsədlərinə nail olmaqda yardım edəcək", - deyə vurğulayıb.