Norveçin “Statoil" şirkəti “Şahdəniz” layihəsində payının 10%-nin BP və SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) satışından $1,45 mlrd. vəsait əldə edəcək. Bu barədə “Statoil" şirkətinin məlumatında onun prezidenti və baş icraçı direktoru Helqe Lunda istinadən məlumat verilir.
“Bu gün “Statoil” “Şahdəniz” və Cənubi Qafqaz qaz kəməri layihəsində 25,5% payından 10%-nin satışına dair saziş imzalayıb. Alıcılar SOCAR (6,7%) və BP (3,3%) şirkətləri olub. Bu sövdələşmə çərçivəsində “Statoil" $1,45 mlrd. məbləğində pul alacaq. Sövdələşmə 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək”, - deyə məlumatda qeyd olunur.
“Payın azaldılması bizim gələcək investisiyaların prioritetliyi əsasında portfelin optimallaşdırılması strategiyamıza uyğundur”, - deyə H.Lund qeyd edib.
Xəbər verildiyi kimi, saziş nəticəsində BP “Şahdəniz” layihəsində payını 28,8%-ə qədər, SOCAR 16,7%-ə qədər artıracaq, “Statoil" isə 15,5%-ə qədər azaldacaq.
Layihənin səhmdarları, həmçinin LUKOIL (10%), NİCO (10%), Total (10%) və TRAO (9%) şirkətləridir.