Vyetnamda Azərbaycanın səfirliyi açılıb. Bu barədə Xarici İşlər Naziriyinin mətbuat xidməti çərşənbə axşamı məlumat verib.
Açılış mərasimində çıxış edən səfir Anar İmanov Azərbaycanın özündə Qərb və Şərq dəyərlərini birləşdirən ölkə, eləcə də müxtəliflik və tolerantlıq nümunəsi olduğunu vurğulayıb. Həmçinin səfir ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi, iqtisadi, sosial, elm, tədris və digər sahələrdə müşahidə olunan inkişafdan, həyata keçirilən demokratik islahatlardan, iri enerji və nəqliyyat layihələrindən bəhs edib.
Ölkəmizin digər dövlətlərlə dostluq əlaqələri qurmağa böyük önəm verdiyini qeyd edən A.İmanov Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığı buna misal göstərib.
O, Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, çətin anlarda xalqımızın vyetnamlı dostlarına dayaq olduğunu və dəstək verdiyini, Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdüklərini, vaxtı ilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirdiklərini söyləyib, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulayıb.