Qəsdən adam öldürməkdə ittiham olunan sabiq polis işçisinin məhkəmə prosesi başa çatıb. Bu barədə çərşənbə günü “İnterfaks- Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsi paytaxt sakini, 1990-cı il təvəllüdlü Qəhrəman Bədəlovu 14 il müddətinə azadlıqdan məhrum edib.
Cinayət işinin materiallarına əsasən, 2013-cü il mayın 10-da Nəsimi rayonunda kirayəyə götürülmüş mənzildə yaşayan iki uşaq anası, 1980-ci il təvəllüdlü Yeganə Məmmədova öldürülüb. Nizami rayon Polis İdarəsində müstəntiq köməkçisi işləyən Qəhrəman Bədəlov Sabunçu rayon Polis İdarəsinə gələrək cinayət törətdiyini etiraf etdikdən sonra qadının meyiti əməliyyatçılar tərəfindən aşkarlanıb.
İstintaq zamanı müəyyən olunub ki, Q.Bədəlov Y.Məmmədovanı qısqanclıq zəminində yatağında boğaraq öldürüb.