İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna 8,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Bu barədə nazirliyin məlumatında deyilir.
Xidmət sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırıb.
Fiziki şəxs M.Tahirova məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan, habelə digər təsərrüfat subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə kolbasa və sosislərin istehsal olunduğu müəyyən edilib.
“"Haqsız rəqabət haqqında" qanunun tələblərini pozduğuna görə M.Tahirova 8,1 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib”, - deyə məlumatda bildirilir.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan prezidenti tərəfindən 2009-cu il dekabrın 26-da təsdiqlənib.